
Bakı. Trend:
Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması
təkmilləşdiriləcək.
Trend-in əldə
etdiyi məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında
2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə
hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək
pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı
təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını
zəruri hesab edirlər.
Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə
dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi,
davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri
islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində işləri davam etdirməklə də bağlı razılığa
gəliblər.
Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın
artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini
genişləndirilməsi hədəflər arasındadır.

