
Bakı. Trend:
Çin Amerikadan neft idxalını artıracaq.
Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri
Kris Rayt bildirib.
Onun sözlərinə görə, təkcə Çin deyil, digər Asiya ölkələri də
Alyaskadan neft almaqda maraqlıdırlar.
Hörmüz boğazındakı vəziyyətə toxunan nazir bildirib ki, bu su
yolu əhəmiyyətini itirir və buna görə də Fars körfəzi ölkələrindən
enerji ixracı üçün “yeni marşrutlar” hazırlanır. O, xüsusilə Yaxın
Şərqdə daha çox boru kəmərinin çəkilməsinin planlaşdırıldığını
bildirib.
“Fars körfəzindən enerji resurslarının ixracı üçün başqa
marşrutlar da olacaq. Hörmüz boğazının əhəmiyyətinin azaldığını
görəcəyik, lakin bu ölkələrdən enerji istehsalı və təchizatının
əhəmiyyəti azalmayacaq”, – deyə o əlavə edib.
Xatırladaq ki, bu həftə Çinə səfər edən ABŞ prezidenti Donald
Tramp Çin prezidenti Si Cinpinin Amerika neftini almağı düşündüyünü
bildirmişdi.

