
Bakı. Trend:
Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma
platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və
Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Trend
xatırladır ki, mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün
yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məskənləri” mövzusuna həsr olunub.
Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də
sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və
insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən
böyük beynəlxalq platformalardan biri hesab olunur.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis
edilən beynəlxalq platforma müasir çağırışlara beynəlxalq həll
yollarının tapılması məqsədi daşıyır. Həmçinin müxtəlif ölkələrin
hökumətlərini, şəhər rəhbərlərini, alimləri, memarları,
investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bir
araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşmasında
mühüm rol oynayır.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya
proseslərində artan rolunun göstəricisi hesab edilir. Bu qərar
ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş
kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin yüksək
qiymətləndirilməsidir. WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçı
qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord
göstəricidir.
Forumun keçiriləcəyi məkan Bakı Olimpiya Stadionunu və onun
ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53
hektar təşkil edir. Tədbir məkanında plenar zallar, sərgi sahələri,
media mərkəzləri və innovasiya zonaları yaradılıb. Açılış və
bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə
qədər iştirakçını qəbul edə biləcək.
Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş
və tədbirin keçirilməsi planlaşdırılır.

