Gimnastlarımız turniri 16 medalla başa vurublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

14–16 may tarixlərində Milli Gimnastika Arenası idman
gimnastları arasında maraqlı mübarizəyə ev sahibliyi edib.

Azərbaycan Gimastika Federasiyasından Trend-ə verilən məlumata görə, 5 ölkədən 50-yə
yaxın gimnastın iştirak etdiyi turnirdə həm qadınlar, həm də
kişilər birincilik uğrunda mübarizə aparıblar. Gimnastlar gənclər
və böyüklər yaş kateqoriyalarında çıxış ediblər.

Ölkəmizi bu turnirdə qadınlar arasında böyüklər yaş
kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova
və Xədicə Abbaszadə, gənclər arasında Albina Əliyeva, Leyla
Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə
böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə, Aydın Əlizadə və
Nikita Simonov, gənclər arasında isə Miryusif Əhmədzadə, İlham
Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə
təmsil ediblər.

Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar
komanda hesabı və çoxnövçülük proqramı üzrə
mükafatlandırılıblar.

Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc
medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar
arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.




İkinci gündə böyüklər yaş kateqoriyasındakı gimnastlar
çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə
mükafatlandırmada kişilər arasında Rəsul Əhmədzadə qızıl medal,
qadınlar arasında isə Xədicə Abbaszadə bürünc medal əldə edib.

Yarışın sonuncu günü final həyəcanı ilə yadda qalıb. Gənclər və
böyüklər yaş kateqoriyalarında gimnastlar ayrı-ayrı alətlər üzrə
final çıxışlarını tamamlayıblar. Gimnastlarımız finalda uğur əldə
ediblər.

Gənclər yaş kateqoriyasında İlham Salayev sərbəst hərəkətlər
proqramında bürünc medal qazanıb. Leyla Məmmədzadə isə dayaqlı
tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlər
proqramında üç bürünc medala sahib olub.
Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə gimnastika atı və
turnikdə qızıl, Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif
hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl,
Nazənin Teymurova gimnastika tirində qızıl, Aydın Əlizadə isə
paralel qollarda bürünc medal qazanıb.

Beləliklə, gimnastlarımız turniri ümumilikdə 16 medalla başa
vurublar.

FOTO – Arif Quluzadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir