
Bakı. Trend:
Mənzil böhranı qlobal və xüsusilə Afrika üçün ciddi
çağırışdır.
Trend xəbər verir ki,
bunu Çad Respublikasının Ərazi Planlaşdırılması, Şəhərsalma və
Mənzil Təsərrüfatı naziri Mahamat Assileck Halata WUF13
çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, su və iqlim dəyişiklikləri xüsusilə Çadda şəhər
inkişafına ciddi təsir göstərir.
“Çadda su həm həyat mənbəyidir, həm də problem yaradan əsas
amillərdən biridir. Daşqınlar baş verdikdə insanlar suyu qəbul
etməyə deyil, onu uzaqlaşdırmağa məcbur olurlar”, – deyə o
bildirib.
Nazir vurğulayıb ki, Çad BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
(2030), Yeni Şəhər Gündəliyi (2036) və Afrika İttifaqının 2063
gündəliyi kimi beynəlxalq sənədlərə sadiqdir.
Onun sözlərinə görə, mənzil hüququ əsas insan hüququ kimi
tanınır və dövlət bu sahədə siyasətləri gücləndirir:
“Bütün vətəndaşların layiqli mənzilə çıxışı hüququ vardır”, – deyə
o qeyd edib.
Nazir bildirib ki, iqlim dəyişikliyinin təsirləri şəhər və
kəndlərin inkişafına birbaşa təsir göstərir və buna görə də daha
çox preventiv yanaşma tətbiq edilməlidir.
“Biz problemə yalnız reaksiya verməməli, daha çox qabaqlayıcı
yanaşma ilə hərəkət etməliyik”, – deyə o vurğulayıb.
O əlavə edib ki, Çadda sürətli əhali artımı və urbanizasiya
prosesi qeyri-rəsmi yaşayış məntəqələrinin çoxalmasına və əsas
infrastruktur çatışmazlığına səbəb olur.
Çıxışının sonunda o qeyd edib ki, ölkədə şəhərsalma və mənzil
siyasətləri daha inklüziv və dayanıqlı şəkildə gücləndiriləcək.

