
Bakı. Trend:
İnsanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil,
eyni zamanda təhlükəsiz, əlçatan və insanyönümlü şəhər məkanlarında
yaşamaq imkanından da asılıdır.
Trend xəbər
verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində keçirilən “Qadınlar assambleyası:
Gender baxımından transformativ strategiyaların birgə yaradılması”
adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, eyni zamanda, mülkiyyət hüquqlarına,
iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər
çıxış
mövcud bərabərsizlikləri daha da dərinləşdirir:
“Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə
kimi, Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və
insanyönümlü şəhər inkişafını təşviq edir. Azad edilmiş
ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulması
prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq
olunur.
Qadınların və qızların ehtiyaclarına cavab verən şəhərlər qurmaq
daha təhlükəsiz, daha dayanıqlı və daha humanist gələcəyin
formalaşdırılması deməkdir. İnsanyönümlü şəhər inkişafı modeli
həmrəylik, bərabər imkanlar və dayanıqlı tərəqqi prinsiplərinə
əsaslanan ortaq öhdəlik tələb edir. Azərbaycan bu sahədə beynəlxalq
əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə
hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və
əldə olunacaq nəticələr daha inklüziv, dayanıqlı və insanyönümlü
şəhərlərin inkişafına töhfə verəcək”, – deyə o qeyd edib.

