Tikintidə rəqəmsallaşma dayanıqlılıq və əlçatanlıq baxımından yeni mərhələ hesab olunur – Baş direktor

Baş səhifə

Bakı. Trend:

Tikinti xərcləri məsələsini bir qədər daha dərindən anlamaq
lazımdır. Bizim sektorda yalnız ilkin investisiyanı deyil,
tikilinin bütün istismar müddəti ərzində yaranacaq ümumi xərcləri
nəzərə alırıq.

Trend xəbər verir ki,
bunu “Holcim Azerbaijan”ın baş direktoru Serchio Stoikov WUF13
çərçivəsində baş tutan “Mənzil dəyər zənciri boyunca özəl sektor
liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq”
mövzusunda Biznes Assambleyası sessiyası deyib.

Onun sözlərinə görə, başlanğıcda az vəsait yatıraraq ucuz
tikinti aparmaq o demək deyil ki, həmin tikili həqiqətən ucuz başa
gəlir:

“Biz texniki xidmət xərclərini, evin soyudulması və ya
qızdırılması üçün tələb olunan enerji xərclərini də hesablamalıyıq.
Əgər yekunda ümumi xərc daha yüksək olursa, bu artıq əlçatan mənzil
hesab edilə bilməz”.

Baş direktor bildirib ki, rəhbəelik etdiyi şirkət yalnız tikinti
materiallarının və xidmətlərinin qiymətinə baxmır, ümumi tikinti
xərcinə təsir edən dörd əsas elementi araşdırır:.

“Birinci məsələ daha ağıllı dizayndır. Ən dayanıqlı beton kub
metri ümumiyyətlə istifadə olunmayan betondur. Ənənəvi tikinti iri
tirlər, böyük sütunlar və çoxlu beton istifadəsi deməkdir ki, bu da
hər zaman səmərəli olmur. Biz kütləvi tikinti yanaşmasından dizayn
əsaslı yanaşmaya keçməliyik.

İkinci istiqamət yerli aşağı karbonlu materialların
əlçatanlığıdır. Biz hesab edirik ki, sement və beton dayanıqlı,
miqyaslana bilən və yerli səviyyədə mövcud materiallar olduğu üçün
vacibliyini qoruyacaq. Əsas məsələ onları necə aşağı karbonlu
etməkdir”.




Serchio Stoikov vurğulayıb ki, hazırda Azərbaycanda aşağı karbon
emissiyalı sement məhsulları mövcuddur və bu materiallar yol
infrastrukturu tikintisində karbon emissiyalarını 50 faizə qədər
azaltmağa imkan verir:

“Eyni zamanda, tikinti və söküntü tullantılarının təbii xammala
alternativ kimi daha geniş istifadəsini təşviq etmək istəyirik. Bu
iqtisadi baxımdan da vacibdir, çünki logistika xərclərini,
qeyri-sabit təchizat zəncirinin təsirlərini və enerji
qiymətlərindəki dəyişkənliyi azaldır.

Üçüncü istiqamət sənayeləşmiş məhsuldarlıqdır. Əlçatan mənzil
sürət, keyfiyyət və resursların ağıllı idarə edilməsini tələb edir.
Ənənəvi tikinti üsulları adətən ləng olur, tullantı yaradır və
keyfiyyət baxımından qeyri-sabit nəticələr verir.

Həll yolu isə sənaye üsulu ilə istehsal olunan quru
qarışıqlardan və hazır betondan daha geniş istifadədir. Bundan
əlavə, tikintidə rəqəmsallaşma dayanıqlılıq və əlçatanlıq
baxımından yeni mərhələ hesab olunur.

Məsələn, Şərqi Afrikada artıq 3D çap texnologiyasından istifadə
edilir. Bu texnologiya ilə standart iki və ya üçotaqlı evin
divarlarını 24 saatdan az müddətdə tikmək mümkündür. Bu həm tikinti
müddətini, həm də maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldır
və evlərin bazara daha sürətli çıxmasını təmin edir.

Son olaraq isə biz tikilinin dayanıqlılığı və bütün həyat dövrü
üzrə dəyəri haqqında danışırıq. İlkin mərhələdə ən ucuz investisiya
həmişə uzunmüddətli dövrdə əlçatan mənzil demək deyil. Bu
vəziyyətdən isə ən çox aşağı gəlirli ailələr zərər görür”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir