
Bakı. Trend:
Azərbaycanın təcrübəsi mənzil sektorunda çevik dövlət-özəl
tərəfdaşlığı modellərinin vacibliyini göstərir.
Trend xəbər verir
ki, bunu “PwC” şirkətinin direktoru Günel Sadiyeva Bakıda Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
Biznes-assambleyanın dövlət-özəl tərəfdaşlığına həsr olunmuş
sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, postsovet məkanında, o cümlədən
Azərbaycanda 1990-cı illərin əvvəllərindən etibarən əhalinin
əhəmiyyətli hissəsinin mənzilə sahib olduğu model formalaşıb.
“Lakin onilliklər sonra bu evlərin bir çoxu köhnəlib və
təhlükəli vəziyyətə düşüb ki, bu da onların yenilənməsi və yeni
mənzillərlə əvəz olunması zərurətini yaradıb.
Azərbaycanda bu problemin həlli üçün “pilot layihələr”
adlandırılan mexanizm tətbiq olunur. Bu çərçivədə köhnə yaşayış
binaları sökülür, onların yerində isə özəl devloperlər tərəfindən
müasir yaşayış kompleksləri inşa edilir. Eyni zamanda tikinti üçün
torpaq özəl sektora verilir ki, bu da yeni mənzillərin bazar
prinsipləri əsasında satışı hesabına xərclərin kompensasiya
edilməsinə imkan yaradır”, – deyə direktor bildirib.
O həmçinin xatırladıb ki, regionun digər ölkələrində, o cümlədən
Qazaxıstanda da oxşar yanaşmalar tətbiq olunub. Belə ki, sakinlərin
köçürülməsini təmin etmək öhdəliyi ilə köhnə yaşayış fondunun
yenilənməsinə özəl şirkətlər cəlb edilib.
G.Sadıyeva ayrıca olaraq dövlət-özəl tərəfdaşlığının inkişafı
üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini
vurğulayıb.

