
Bakı.Trend:
Mənzil – urbanizasiyanın bərabərsizliyin azalmasına töhfə
verib-vermədiyini və ya əksinə, sosial təcridi gücləndirdiyini
müəyyən edən əsas amillərdən biri olaraq qalır.
Trend xəbər verir
ki, bunu UN-Habitat təşkilatının icraçı direktoru Anaklaudiya
Rossbax WUF13 çərçivəsində keçirilən “Şəhər rifahı və hamı üçün
imkanlar naminə mənzil” adlı panel sessiyasında bildirib.
Onun sözlərinə görə, mənzil yalnız “dam və dörd divar” demək
deyil, həm də iş yerlərinə, təhsilə, səhiyyəyə, təhlükəsizliyə və
sosial inteqrasiyaya çıxışa birbaşa təsir göstərən amildir.
“Mənzil sistemləri əlçatan həllər təqdim etmədikdə, yoxsulluq və
sosial təcridin aradan qaldırılması daha da çətinləşir,
bərabərsizlik isə növbəti nəsillərə qədər möhkəmlənir”,- deyə
Rossbax qeyd edib.
O vurğulayıb ki, dünyada təxminən üç milyard insan hələ də
qeyri-qənaətbəxş mənzil şəraiti problemi ilə üzləşir. Bunların
arasında qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan bir milyarddan
çox insan və 300 milyondan artıq evsiz şəxs var.
Rossbax bildirib ki, şəhərlər iqlim dəyişiklikləri, əhalinin
məcburi köçürülməsi, torpaq qiymətlərinin artması və dərinləşən
bərabərsizlik səbəbindən getdikcə daha çox təzyiqlə üzləşir. Bu isə
mənzil sahəsində daha güclü dövlət idarəçiliyi, uzunmüddətli
planlaşdırma və effektiv tənzimləmə tələb edir.
“Yeni Şəhər İnkişaf Proqramı hələ on il əvvəl qəbul etmişdi ki,
torpaq və mənzil yalnız əmtəə kimi nəzərdən keçirilə bilməz. Onlar
sosial və ekoloji funksiyalar daşıyır və ictimai maraqlara xidmət
etməlidir”,- deyə o bildirib.
UN-Habitat rəhbəri vurğulayıb ki, inklüziv, dayanıqlı və aşağı
karbonlu şəhərlərə nail olmaq mənzil sistemlərinin gücləndirilməsi,
sosial mənzil fondunun genişləndirilməsi, qeyri-formal yaşayış
məntəqələrinin modernləşdirilməsi, torpaq və əsas xidmətlərə
çıxışın yaxşılaşdırılması, həmçinin dayanıqlı maliyyələşmənin
səfərbər olunması olmadan mümkün deyil.

