
Bakı. Trend:
Çin yeni nəsil təhlükəsiz, ekoloji təmiz və “ağıllı” mənzillərin
tikintisinə diqqət yetirmək niyyətindədir.
Trend-in
məlumatına görə, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) “Şəhər
rifahı və hamı üçün imkanlar naminə mənzil təminatı” mövzusunda
keçirilən panel sessiyası zamanı Çin Xalq Respublikasının Mənzil
Tikintisi, Şəhər və Kənd İnkişafı Nazirliyinin baş iqtisadçısı Van
Şentszyun bildirib.
Onun sözlərinə görə, Çin əhalisinin mənzil ehtiyacları dəyişir —
vətəndaşlar getdikcə təkcə ev sahibi olmağa deyil, həm də onun
keyfiyyətinə üstünlük verirlər.
“İndi insanlar daha yaxşı evlərdə yaşamaq istəyirlər. Ona görə
də biz təhlükəsiz, rahat, yaşıl və intellektual mənzil
konsepsiyasını təşviq edirik”, — deyə o qeyd edib.
Van Şentszyun vurğulayıb ki, bu konsepsiya təkcə yeni
tikintilərə deyil, həm də köhnə mənzil fondunun
modernləşdirilməsinə də şamil olunur.
“Biz köhnə evləri keyfiyyətli, müasir mənzillərə çevirməyə
çalışırıq. Bu, təkcə kommersiya təyinatlı mənzillərə deyil, həm də
sosial mənzillərə aiddir”, — deyə o əlavə edib.
Baş iqtisadçı qeyd edib ki, Çin rəhbərliyi ucuz torpaq
resurslarının ayrılması, vergi və maliyyə güzəştləri, habelə aşağı
faiz dərəcələri ilə uzunmüddətli maliyyələşdirmə vasitəsilə sosial
mənzil tikintisinə mühüm dəstək göstərir.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkədə sosial mənzillərin
ədalət və növbəlilik prinsiplərinə əsaslanan şəffaf bölgü sistemi
fəaliyyət göstərir.
“Bir çox şəhərlərdə növbə sistemi yaradılıb. Bunun sayəsində
vətəndaşlar müraciət edərək öz mənzil ehtiyaclarını və ödəniş
qabiliyyətlərini qeyd edə bilirlər, bundan sonra isə mənzillər
şəffaf şəkildə bölüşdürülür”, — deyə Van Şentszyun qeyd edib.
Van Şentszyun əlavə edib ki, bu cür tədbirlər təkcə əhalinin
mənzil problemlərinin həllinə kömək etmir, həm də dayanıqlı
sosial-iqtisadi inkişafa və Çin şəhərlərinin rəqabət qabiliyyətinin
yüksəlməsinə töhfə verir.

