
Bakı. Trend:
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir.
Trend xəbər verir ki,
bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri
çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar
görüşü zamanı deyib.
Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi
əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək
əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar
məhsuldar keçib.
Aleksandar Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin
açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Onun
sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də
mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm
şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini
vurğulayıb.
Aleksandar Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada
yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə
pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı
məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

