Bakıda WUF13-ün ikinci günü start götürür

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) ikinci günü işə başlayıb.

Trend xəbər verir
ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri
hesab olunan forumda 182 ölkədən 40 mindən artıq iştirakçı
qeydiyyatdan keçib. Bu göstərici WUF tarixində ən yüksək iştirak
göstəricilərindən biri kimi qiymətləndirilir.

Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilir. Forum “Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı
şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil
böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim
dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi
mühüm məsələləri əhatə edir.

Forumun ilk günü çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr
olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası keçirilib.
Həmçinin WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi təşkil
olunub. Mərasimdə Birləşmiş Millətlər Təşkilatının bayrağı və
Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.

İlk gün ərzində bir sıra mühüm assambleya və sessiyalar da baş
tutub. Bunlar arasında “Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti
təşkilatlarının assambleyası”, “Qadınlar assambleyası: Gender
baxımından transformativ strategiyaların birgə yaradılması”,
“Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə
baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası
sessiyası, “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik”
mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası,
eləcə də “Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar” və
“Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil”
mövzularında sessiyalar yer alıb.

WUF13-də iştirak edən xarici nümayəndələr və ekspertlər Bakıda
keçirilən forumun dayanıqlı inkişaf, rəqəmsal həllər, əlçatan
yaşayış, ekoloji yanaşmalar və müasir urbanizasiya baxımından
beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu
bildiriblər. Onlar Azərbaycanın forumu yüksək səviyyədə təşkil
etdiyini və tədbirin gələcək şəhər modellərinin formalaşdırılmasına
töhfə verəcəyini vurğulayıblar.

Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən könüllülər isə
iştirakçılar və media nümayəndələri üçün operativ dəstək göstərərək
forumun təşkilati işinə töhfə veriblər.




WUF13-ün ikinci gününün proqramı da olduqca zəngindir. Gün
ərzində əvvəlcə forumun ikinci gününə həsr olunan rəsmi açılış
mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında qlobal mənzil
böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya
siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində
prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bu günün əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə
Liderlər Sammitinin proqramda yer almasıdır. Bu yeniliyin forumun
beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırdığı qeyd
olunur.

Bundan başqa, gün ərzində Assambleyaların Birgə Bağlanış
Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin — Latın
Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və
Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası keçiriləcək.

Forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin də
təqdimatı planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, həmçinin “yaşıl
enerji zonası” istiqamətində görülən işlərin beynəlxalq
iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanacağı
gözlənilir.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə
uğurlu ev sahibliyi imkanlarını və ölkənin qlobal əməkdaşlıq
təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum
həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma
sahəsindəki təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması
baxımından mühüm platforma hesab olunur.

Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis,
fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk
dillərində də sinxron tərcümə təmin edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir