
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
Sessiyası (WUF13) Azərbaycanla yanaşı, qlobal şəhərsalma
ictimaiyyəti üçün də mühüm hadisədir.
Trend xəbər
verir ki, bunu WUF13-ün milli koordinatoru, Azərbaycan Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun
ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat
konfransında deyib.
O bildirib ki, Bakı hökumət nümayəndələrini, merləri, beynəlxalq
təşkilatları, maliyyə institutlarını, akademik dairələri, vətəndaş
cəmiyyətini, gəncləri, qadınları, özəl sektoru və yerli icmaları
bir araya gətirərək daha yaxşı şəhər gələcəyinin formalaşdırılması
istiqamətində qlobal platformaya çevrilir.
Anar Quliyev qeyd edib ki, Azərbaycanın WUF13-ə aparan yolu uzun
illər əvvəl başlayıb. Onun sözlərinə görə, 2021-ci ildən etibarən
ölkədə milli şəhərsalma forumları təşkil olunur və bu platformalar
dayanıqlı şəhər inkişafı ilə bağlı geniş dialoqun qurulmasına
şərait yaradıb.
“Bu forumlar milli koordinasiyanın gücləndirilməsinə,
prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və
siyasətlərin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğunlaşdırılmasına imkan verib. Ən vacibi isə
inklüziv şəhərsalma dialoqu mədəniyyəti formalaşıb”, – deyə o
vurğulayıb.
Komitə sədri bildirib ki, milli şəhərsalma forumları
Azərbaycanın WUF13-ə ev sahibliyi yolunda əsas təməllərdən biri
olub və ölkənin urbanizasiya, çoxtərəfli əməkdaşlıq və praktik icra
sahəsindəki öhdəliklərini nümayiş etdirib.
O qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi beynəlxalq
ictimaiyyətin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
Azərbaycana göstərdiyi etimadın ifadəsidir.
Anar Quliyev vurğulayıb ki, Azərbaycan hazırda şəhərlərin
modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi,
ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil təminatı,
iqlim dayanıqlığının gücləndirilməsi və ağıllı, inklüziv icmaların
qurulması istiqamətində genişmiqyaslı transformasiya prosesləri
həyata keçirir.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa
və yenidənqurma işləri dövrün ən böyük layihələrindən biridir.
“Bir zamanlar dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı
şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında
yenidən qurulur. Bu, sadəcə bərpa prosesi deyil, yeni şəhərsalma
modelinin yaradılmasıdır”, – deyə o bildirib.
Anar Quliyev qeyd edib ki, WUF13 Azərbaycana öz təcrübəsini
bölüşmək və digər ölkələrin təcrübəsindən faydalanmaq imkanı
yaradır.
Onun sözlərinə görə, mayın 17-dək forumda iştirak üçün 182
ölkədən ümumilikdə 42 367 nəfər qeydiyyatdan keçib. Forumun ilk
günü isə iştirakçı sayı 21 108 nəfər təşkil edib.
Komitə sədri əlavə edib ki, forum çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi milli hökumətləri, şəhər administrasiyalarını,
beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl
sektor nümayəndələrini bir araya gətirərək onların nailiyyətlərini
nümayiş etdirməsinə imkan yaradır.

