
Bakı. Trend:
Fəaliyyət göstərdiyim təşkilat yaşayış hüququnun təşviqi,
müdafiəsi və insan hüquqları çərçivəsində tanınması istiqamətində
çalışan beynəlxalq koalisiya qurumudur. Təşkilatımız xüsusilə
dayanıqlı şəhərlərin qurulması, sosial ədalətin təmin olunması,
inklüziv şəhərsalma siyasəti və hər kəs üçün təhlükəsiz yaşayış
mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir.
Bu fikirləri WUF13-də iştirak edən “Habitat International
Coalition” şirkətinin Keniyadan olan nümayəndəsi Diana Angela
Uambui Uaçira Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumundan əsas gözləntisi
bütün müzakirələrin mərkəzində insan hüquqları yanaşmasının
dayanmasıdır:
“Şəhərlərin inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və
yaşayış siyasəti ilə bağlı qərarlar qəbul edilərkən insanların
fundamental hüquqları əsas prioritet kimi nəzərə alınmalıdır.
Xüsusilə adekvat mənzil hüququnun və insanların təhlükəsiz
yaşayış mühitinə çıxış imkanlarının hər kəs üçün təmin olunması
vacibdir. Mənzil məsələsi yalnız tikinti və infrastruktur məsələsi
deyil, bu həm də insan ləyaqəti, sosial rifah və bərabər imkanlarla
bağlıdır”.
D.Angela vurğulayıb ki, forum çərçivəsində müxtəlif ölkələrdən
olan nümayəndələrin təcrübə mübadiləsi aparması, qarşılıqlı
əməkdaşlıq imkanlarını müzakirə etməsi və yeni strategiyalar
üzərində işləməsi olduqca əhəmiyyətlidir.
“Ümid edirəm ki, burada müzakirə olunan yanaşmalar və
strategiyalar tədbirdən sonra da davam etdiriləcək, digər
beynəlxalq platformalara və tərəfdaş qurumlara təqdim olunacaq. Ən
vacibi isə onların praktik şəkildə həyata keçirilməsi və real
nəticələr verməsi olacaq.
Düşünürəm ki, bu kimi beynəlxalq forumlar şəhərsalma, insan
hüquqları və dayanıqlı inkişaf məsələlərində ortaq həllərin
formalaşdırılması üçün mühüm rol oynayır”.

