
Bakı. Trend:
Dünya şəhərlərində urbanizasiya səviyyəsinin artmaqda davam
etdiyi bir dövrdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) mühüm əhəmiyyət daşıyır.
Bu barədə WUF13 çərçivəsində BMT-nin Məskunlaşma Proqramının
(UN-Habitat) keçmiş əməkdaşı, Ərəb Dövlətləri üzrə Regional Ofisin
baş məsləhətçisi Vael Əl-Əşhab (Wael Al-Ashhab) Trend-ə müsahibəsində
bildirib.
Onun sözlərinə görə, şəhərlər əhalinin sürətli artımı ilə
üzləşir ki, bu da yaşayış şəraitinə, məşğulluğa və mənzil
məsələlərinə təsir göstərir.
“2050-ci ilə qədər əhalinin təxminən 75 faizi şəhərlərdə
yaşayacaq. Bu isə insanların yaşayış şəraitinə, dolanışıq
imkanlarına və mənzil təminatına böyük təsir göstərəcək”, – deyə o
qeyd edib.
Əl-Əşhab vurğulayıb ki, forumun əsas mövzularından biri mənzil
məsələsidir.
“WUF13 müzakirələrin əsas istiqamətlərindən biri kimi mənzil
məsələsinə xüsusi diqqət ayırır”, – deyə o bildirib.
O, həmçinin forumda iqlim dəyişikliyi və bunun dünyanın müxtəlif
yerlərində insanlara mənfi təsiri ilə bağlı məsələlərin də müzakirə
olunduğunu qeyd edib.
“Müzakirə ediləcək çoxsaylı mövzular var. Buna görə də bu forum
çox uyğun bir vaxtda keçirilir”, – deyə Əl-Əşhab əlavə edib.

