
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.
Trend xəbər
verir ki, dövlətimizin başçısı bu ilin aprelində Gürcüstana dövlət
səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərimizin
möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd etdi. Prezident İlham
Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi
baxımından əhəmiyyətinə toxundu.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən
qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini
dedi.
Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə
minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə
dərin təəssüratlar oyatdığını vurğuladı.
Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün
bağlantılar baxımından vacib rol oynadığını qeyd etdi və gələcəkdə
bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə
toxundu.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda
keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli
Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün
yaxşı platforma olduğunu dedi.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını
bildirdi.
Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa
əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına
toxunuldu, ikitərəfli gündəliyimizin çox geniş olduğu qeyd edildi.
Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr
və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük
potensialın olduğu bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı
səfərlərin əlaqələrin möhkəmlənməsində rolu vurğulandı.
Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin
iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan
Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş,
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında
Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin
Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və
“Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata
keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə
qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası,
rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci
iclasının Protokolu imzalandı.

