
Bakı. Trend:
BMT-nin Məskunlaşça Proqramı (UM-Habitat) tərəfindən təşkil
olunan bu forum təcrübə mübadiləsi aparılması və daha təhlükəsiz,
inklüziv icmaların formalaşdırılması istiqamətində ortaq baxışın
inkişaf etdirilməsi üçün vacib platformadır.
Trend xəbər
verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
Gürcüstanın Baş naziri bildirib ki, bu gün şəhərlər iqlim
dayanıqlılığı, mənzil təhlükəsizliyi, dayanıqlı inkişaf və sosial
həmrəylik kimi bütün qlobal çağırışların mərkəzində dayanır:
“Şəhərləri necə planlaşdırmağımız, inkişaf etdirməyimiz və
qorumağımız gələcək nəsillər üçün cəmiyyətlərimizin sabitliyini,
rifahını və dayanıqlılığını müəyyən edəcək”.
İ.Kobaxidze vurğulayıb ki, son illərdə Gürcüstanda müşahidə
olunan güclü iqtisadi artımla yanaşı, balanslaşdırılmış regional
inkişaf və müasir şəhərsalma bu ölkənin milli siyasətinin əsas
prioritetlərinə çevrilib:
“Məqsədimiz yalnız infrastrukturun genişləndirilməsi və həyat
keyfiyyətinin yaxşılaşdırılması deyil, eyni zamanda inkişafın
dayanıqlı, regionlar arasında balanslı və vətəndaşların
ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsidir.
Beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə Gürcüstan hazırda milli
məkan inkişafı konsepsiyasını irəli aparır. Bu mühüm sənəd mənzil
və şəhərsalma siyasətinin əsasını təşkil edir və ölkənin bütün
regionlarında balanslaşdırılmış və dayanıqlı inkişafın təmin
olunmasına xidmət edir.
Bu islahatların effektiv həyata keçirilməsi üçün mərkəzi hökumət
sistemində xüsusi ixtisaslaşmış agentlik vasitəsilə institusional
koordinasiya gücləndirilib. Bu mexanizm uzunmüddətli planlaşdırmanı
dəstəkləyir və şəhər transformasiyasının strateji baxış, davamlılıq
və effektiv idarəetmə əsasında həyata keçirilməsini təmin
edir”.

