
Bakı.Trend:
Mənzil yalnız sosial və ya iqtisadi siyasətin bir hissəsi olaraq
qalmamalı, cəmiyyətlərin gələcəyinin siyasətinə çevrilməlidir.
Trend xəbər verir
ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF13 çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, mənzil əlçatanlığı yalnız bazar məsələsi
deyil, həm də bir ədalət məsələsidir.
“Mənzil əmtəə deyil, hər şeyin başlanğıcıdır. Onsuz sabit iş,
uşaqların təhsili, səhiyyəyə çıxış və insanın cəmiyyətin həyatında
tamdəyərli iştirakı mümkün deyil”, – deyə o vurğulayıb.
İliyana Yotova qeyd edib ki, müasir dünya genişmiqyaslı mənzil
böhranı ilə üz-üzədir: milyardlarla insan layiqli şərait olmadan
yaşayır, bir milyarddan çox insan isə qeyri-rəsmi yaşayış
məntəqələrində məskunlaşıb.
Onun sözlərinə görə, qlobal tələbatın onilliyin sonunadək
ödənilməsi üçün sözün əsl mənasında hər saniyə yeni mənzillər
tikilməlidir.
O həmçinin bildirib ki, şəhər anlayışının ənənəvi modeli artıq
aktuallığını itirib.
“Bu gün söhbət şəhərlər arasındakı sərhədlərin silindiyi,
infrastrukturun, nəqliyyat dəhlizlərinin və əmək bazarlarının
birləşdiyi polisentrik meqaregionlardan gedir”, – deyə Yotova
bildirib.
Bolqarıstan Prezidenti milli hökumətlərin, regionların,
şəhərlərin və yerli icmaların əməkdaşlığına əsaslanan yeni
idarəetmə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
O, çıxışında miqrasiya, müharibələr və iqlim dəyişiklikləri
məsələlərinə də xüsusi diqqət ayırıb.
Dövlət başçısının sözlərinə görə, münaqişələr və iqlim
dəyişiklikləri milyonlarla insanı evlərini tərk etməyə məcbur edir,
şəhərlər isə insanların təhlükəsizlik və yeni həyata başlamaq
imkanı axtardıqları ilk məkanlara çevrilir.

