
Bakı. Trend:
Bakı təkcə enerji əlaqələrinin mərkəzi deyil, eyni zamanda
dialoq və ideyalar üçün qlobal bir platformaya çevrilib.
Trend xəbər
verir ki, bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, bu gün sülh, iqlim, insan inkişafı və
dayanıqlılıq əsas müzakirə mövzularıdır:
“Mənzil məsələsi isə bu gündəmin mərkəzində dayanır.
Təhlükəsizlik, əlverişsiz şəraitdə böyüyən uşaqlar, fəlakətlərlə
üzləşən icmalar göstərir ki, bu problem artıq qlobaldır. Mənzil
problemi artıq bərabərliyin və sosial sabitliyin əsas təməl
daşlarından biridir. Təxminən on il əvvəl Albaniya ölkə üzrə
bələdiyyələrdə transformativ şəhər intibahı proqramına başladı. O
dövrdə bu təşəbbüs çoxları tərəfindən sadəcə şəhər “kosmetikası”
kimi qiymətləndirildi. Amma bu proqram ictimai meydanların, gəzinti
zonalarının, tarixi mərkəzlərin, parkların və şəhər xidmətlərinin
yenidən təşkili baxımından dönüş nöqtəsinə çevrildi”.
Albana Koçiu qeyd edib ki, Albaniya “dayanıqlılıq” sözünün
mənasını da ağır nəticələrdən sonra öyrənib.
“2019-cu ildə baş verən zəlzələ bizə xatırlatdı ki, mənzil
sadəcə başın üstündə bir dam deyil. Mənzil həm də fəlakətlərə qarşı
ilk müdafiə xəttidir. Gələcəyin şəhərləri zəlzələ riski, daşqınlar,
sürüşmələr və ekstremal hava şəraiti nəzərə alınaraq inşa
edilməlidir. Daha da önəmlisi, bu şəhərlər iqlim dəyişikliyinin
gətirəcəyi təsirləri əvvəlcədən proqnozlaşdıran yanaşma ilə
qurulmalıdır. Şəhər keyfiyyətinə investisiyalar davam etdirilməli,
ictimai məkanlar genişləndirilməli, daha yaşıl məhəllələr
yaradılmalı, bərpa olunmuş mərkəzlər, daha yaxşı xidmətlər, daha
inklüziv şəhərlər formalaşdırılmalıdır. Eyni zamanda, ağıllı
şəhərlər qurulmalıdır. Albaniya artıq “Milli ağıllı şəhər”
təşəbbüsünü başlayıb”, – deyə o qeyd edib.

