
Bakı. Trend:
Kambocanın şəhərlərində əsas infrastruktur və xidmət
standartlarını formalaşdırırıq. Şəhərləri daha dayanıqlı və davamlı
etməyə çalışırıq.
Trend xəbər
verir ki, bunu Kambocanın Baş nazirinin müavini Say Samal Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
Baş nazirin müavini vurğulayıb ki, bu istiqamətdə yerli
idarəetmə orqanlarına daha çox səlahiyyət və məsuliyyət verilir,
düzgün büdcələşdirmə və şəhər planlaşdırılması həyata keçirilir,
tərəfdaşlıqlar gücləndirilir və rəqəmsal infrastruktura
investisiyalar artırılır:
“Bundan əlavə, tullantıların idarə olunması, sanitariya,
nəqliyyat axınının tənzimlənməsi, ictimai nəqliyyat, ictimai
təhlükəsizlik, universal təhsil və səhiyyə, mədəniyyət və incəsənət
fəaliyyəti istiqamətlərində də islahatlar həyata keçirilir. Əlçatan
və inklüziv ipoteka mexanizmlərinin inkişafına da xüsusi diqqət
ayrılır. Hökumət eyni zamanda cəmiyyətin ən həssas təbəqələri üçün
güzəştli siyasətlər həyata keçirir, kənd təsərrüfatı torpaqları və
əlçatan mənzil proqramları təqdim edir”.
Say Samal bildirib ki, son 10 ildə Kambocada təxminən yarım
milyon ailənin həyat şəraitinin yaxşılaşdırılmasına nail
olunub:
“İnsanların qeyri-rəsmi yaşayış məntəqələrindən çıxaraq daha
təhlükəsiz və normal yaşayış mühitinə keçməsi üçün yeni imkanlar
yaradırıq. Kamboca yaxın gələcəkdə qeyri-rəsmi yaşayış
məntəqələrinin tam aradan qaldırılmasını hədəfləyir. Biz yalnız
mənzil təmin etməyi deyil, həm də ailə mühiti və ev anlayışını
formalaşdırmağı prioritet hesab edirik. Bu çərçivədə narkotik
asılılığı, diabet, ürək xəstəlikləri və digər sosial problemlərlə
mübarizə aparılır, ailə qənaəti təşviq olunur, ailələrin borc
yükünün azaldılması istiqamətində tədbirlər görülür”.
O əlavə edib ki, eyni zamanda, sağlam və ekoloji təmiz
qidalanma, insanların aktiv həyat tərzi sürməsi üçün ictimai
parkların artırılması kimi təşəbbüslər həyata keçirilir:
“Biz ailə dəyərlərinin və mədəniyyətinin qorunmasına da böyük
önəm veririk. Yalnız STEM təhsilinə deyil, uşaqların incəsənətə
maraq göstərməsinə, musiqi ilə məşğul olmasına və kitab oxumasına
da diqqət yetirilməlidir”.
Kamboca rəsmisi qeyd edib ki, dəyişən qlobal nizam,
biomüxtəlifliyin azalması və iqlim dəyişikliyi ölkəsinin son
illərdə əldə etdiyi inkişaf üçün ciddi təhlükələr yaradır:
“Sülh içində olan dünya bizim milli strateji marağımızdır.
İstixana qazı emissiyalarının ən aşağı olduğu ölkələrdən biri
olmasına baxmayaraq, Kamboca iqlim dəyişikliyi ilə mübarizə və
biomüxtəlifliyin qorunması istiqamətində öz töhfəsini verir.
Kamboca 2050-ci ilədək karbon neytrallığına nail olmaq üzrə
uzunmüddətli strategiya təqdim edən ikinci ən az inkişaf etmiş ölkə
və ASEAN məkanında ilk ölkə olub. Biz həmçinin yenilənmiş milli
iqlim öhdəliklərini təqdim etmişik, iqlim fəaliyyətlərinə daha çox
maliyyə ayırırıq, bərpa olunan enerji layihələrini genişləndiririk
və enerji səmərəliliyi siyasətini həyata keçiririk. Bundan əlavə,
yeni ekoloji investisiya qanunu qəbul etmiş və maliyyə sektorunun
“yaşıllaşdırılması” istiqamətində addımlar atmışıq”.

