
Bakı.Trend:
Səudiyyə Ərəbistanı urbanistika sahəsində Azərbaycanla
əməkdaşlığı genişləndirməyə ümid edir.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhər Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində jurnalistlərə Səudiyyə Ərəbistanının
bələdiyyə və mənzil məsələləri naziri Məcid bin Abdullah Əl-Hoqayl
deyib.
Onun sözlərinə görə, Azərbaycanın qonaqpərvərliyi yerli xalqın
xarakterini əks etdirir.
Əl Hoqayl qeyd edib ki, “Azərbaycan-2030″ baxışı və “Səudiyyə
Ərəbistanı-2030″ baxışı oxşar məqsədlərə malikdir və vətəndaşların
həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
O vurğulayıb ki, Bakı və Azərbaycanın digər bölgələrində şəhər
infrastrukturu və “yaşıl” zonaların əhəmiyyətli inkişafının şahidi
olub.
“ “Yaşıl” Bakını, Azərbaycanın əksər bölgələrində şəhərlərin
inkişafını və modernləşdirilməsini gördükdə, bu bizə Səudiyyə
Ərəbistanında gedən prosesləri xatırlatdı”, – deyə nazir
bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dayanıqlı şəhər inkişafı
və infrastrukturun modernləşdirilməsi sahəsində yanaşmalarda böyük
oxşarlıq mövcuddur.
O, həmçinin Azərbaycan rəhbərliyinin həyat keyfiyyəti,
şəhərsalma və abadlıq məsələlərinə göstərdiyi diqqəti qeyd
edib.
Əl Hoqayl iki ölkə arasında, o cümlədən özəl sektorun iştirakı
ilə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu
bildirib.
“ Yaxın gələcəkdə səudiyyəli və azərbaycanlı şirkətlər arasında
çoxsaylı sazişlərin imzalanacağına ümid edirik”, – deyə o
vurğulayıb.

