
Bakı. Trend:
Göyərtəsində hantavirusun yayılması qeydə alınan “MV Hondius”
kruiz gəmisi mayın 18-də Rotterdam limanına yan almalıdır.
Niderland hakimiyyəti artıq gəmidə qalan ekipaj üzvləri və tibb
işçiləri üçün karantin tədbirləri tətbiq edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda gəmidə 25
ekipaj üzvü və iki tibb işçisi karantindədir. Niderland vətəndaşı
olmayan bəzi dənizçilər üçün xüsusi karantin mərkəzləri hazırlanıb.
Bununla belə, onların 42 günlük karantin müddətinin tamamını həmin
mərkəzlərdə keçirib-keçirməyəcəyi hələ məlum deyil.
Gəminin gəlişi Niderland sakinləri arasında narahatlıq yaradıb.
Bəzi vətəndaşlar hesab edir ki, gəmidən endikdən sonra hamı
karantin qaydalarına riayət etməyə bilər, lakin onlar yeni
genişmiqyaslı pandemiya gözləmirlər.

