
Bakı. Trend:
Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası bərpa imkanlarını
nümayiş etdirmək üçün təsirli bir platformadır.
Bunu Trend-ə Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba
WUF13-də bildirib.
“Bu, təkcə ehtiyaclarımızı deyil, həm də bərpa məsələlərində
imkanlarımızı və potensialımızı nümayiş etdirmək üçün inanılmaz bir
platformadır, çünki bu sahədə geniş təcrübəmiz var. Əlbəttə ki, bu
təcrübəyə sahib olmaq istəməzdik, amma təəssüf ki, bizdə var. Biz
bunu bölüşməyə və dostlarımızı dəstəkləməyə hazırıq”, – deyə o
bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

