
Bakı. Trend:
Mayın 21-də İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin
görüşünə ev sahibliyi edəcək. Hökumət sammitin təşkili üçün
təxminən 85 milyon İsveç kronu (təxminən 9 milyon dollar)
ayırıb.
Trend xəbər verir ki,
tədbirdə 1 mindən çox iştirakçı, o cümlədən Alyansa üzv 32 ölkənin
xarici işlər naziri iştirak edəcək. Gözlənilən qonaqlar arasında
ABŞ-nin Dövlət katibi Marko Rubio da var. Onun səfərinə ABŞ
Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlik sərt
ritorikası fonunda xüsusi diqqət yetirilir.
İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, görüşün
keçirilməsi “təhlükəsizliyə investisiya” olmaqla yanaşı, ölkənin
Alyansa qoşulduqdan sonra NATO fəaliyyətinə verdiyi töhfəni nümayiş
etdirmək üçün də mühüm imkandır.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən Helsinqborq
şəhərinin böyük hissəsi bağlanacaq. Şəhərin seçilməsi onun Eresunn
boğazı yaxınlığında yerləşən strateji mövqeyi ilə əlaqələndirilir.
İsveç hakimiyyətinin məlumatına görə, burada Rusiyanın “kölgə
donanması”na aid gəmilər mütəmadi müşahidə olunur.
Görüş ərəfəsində İsveçin xarici işlər naziri Mariya Malmer
Stenergqrd və NATO-nun Baş katibi Mark Rütte İsveç kral ailəsinin
iştirakı ilə Sofiero qəsrində rəsmi şam yeməyi təşkil
edəcəklər.
Danışıqların əsas mövzusu Ankarada keçiriləcək yay NATO
sammitinə hazırlıq olacaq. Alyans ölkələri müdafiə xərclərinin
ÜDM-in 5 faizinə qədər artırılması və blok daxilində son siyasi
fikir ayrılıqları fonunda NATO birliyinin gücləndirilməsi
məsələlərini müzakirə edəcəklər.

