
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumu WUF13 çərçivəsində Şərqi Avropa və
Mərkəzi Asiya Forumu keçirilir.
Trend xəbər verir ki,
Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional qrup BMT-Habitat
təşkilatı tərəfindən onun Şərqi Avropa və Mərkəzi Asiya üzrə
Regional Ofisi (RoEECA) vasitəsilə regional və beynəlxalq
tərəfdaşlarla əməkdaşlıq şəraitində çağırılıb.
Qeyd edək ki, forumun ilk iki günü geniş tədbirlər proqramı ilə
yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə
bağlı müzakirələr keçirilib. Forum çərçivəsində BMT və Azərbaycan
bayraqlarının qaldırılması mərasimi də təşkil olunub.
Forumun ikinci günü isə ilk dəfə təşkil edilən Liderlər Sammiti
ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli
müzakirələr aparılıb. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko
şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq
baxımından mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. Forum “Hamı üçün mənzil:
təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu
ətrafında hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və
vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı
şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə
xidmət edir.
Xəbər yenilənəcək

