Aşqabadda yaxın zamanda UN-Habitat ofisi açıla bilər – İrfan Əli

Baş səhifə

Bakı.Trend:

Aşqabadda (Türkmənistan) yaxın zamanda UN-Habitat-ın ofisi açıla
bilər.

Trend xəbər verir
ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən
Şərqi Avropa və Mərkəzi Asiya Forumunda UN-Habitat-ın Şərqi Avropa
və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru İrfan Əli
deyib.

“Hazırda bizim ofis Şərqi Avropa, Cənubi Avropa, Qərbi
Balkanlar, Türkiyə, Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələri daxil
olmaqla 25 ölkəni əhatə edir.

Hazırda regional ofis digər BMT agentlikləri ilə birlikdə
İstanbulda yerləşir. Artıq Kiyevdə, Ukraynada, Moskvada, Kosovoda
və burada – Bakıda, Azərbaycanda dörd ölkə proqramımız var. Ümid
edirəm ki, çox yaxın zamanda Türkmənistanın Aşqabad şəhərində də
layihə ofisimiz açılacaq”, – deyə o bildirib.

İrfan Əli qeyd edib ki, bu regionda, xüsusilə onun Şərqi Avropa
hissəsində sürətli urbanizasiya müşahidə olunur.




“Və əlbəttə ki, regionun bütün ölkələri hər yerdə şahidi
olduğumuz iqlim dəyişikliyinin nəticələrinə, eləcə də təbii fəlakət
risklərinə qarşı həssasdır. İki il əvvəl Türkiyədə baş verən
dağıdıcı zəlzələni xatırlayırıq. Regionun bir çox ölkələri də oxşar
risklərlə üzləşir. Bu isə bizi dayanıqlığın gücləndirilməsi
istiqamətində daha fəal işləməyə və bu mövzunu regionda
əməkdaşlığımızın prioritetinə çevirməyə təşviq edir”, – deyə o
əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir