
Bakı. Trend:
Bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri
arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində
“Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və
inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda
keçirilən tədbirdə deyib.
“9 şəhərlə qardaşlıq, əməkdaşlıq münasibəti qurmuşuq. Bu gün
Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşmaya dair memorandum
imzalanacaq. Bununla da bu say 10-a çatacaq”, – o vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

