Yeni mənzil sistemlərinin gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı.Trend:

Mövcud mənzil sistemləri hamı üçün işləmir, yeni sistemlərin isə
hələ də gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var.

Trend xəbər verir
ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət
planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı
deyib.

“Biz hamımız mənzilin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı
məsələlərin — səhiyyə, təhsil, məşğulluq və suyun əlçatanlığı kimi
sahələrin həlli baxımından əhəmiyyətini anlayırıq. Biz həmçinin
anlayırıq ki, mənzil şəhərlərin inkişafı üçün kritik əhəmiyyət
daşıyır. Əlçatan, keyfiyyətli və əlverişli yerləşməyə malik
mənzilləri təmin edən şəhərlər daha məhsuldar, rəqabətqabiliyyətli
və inklüziv olur, eyni zamanda daha dayanıqlı gəlir bazasına sahib
olur”,- deyə o bildirib.

Rossbax qeyd edib ki, mənzili diqqət mərkəzinə gətirən Yeni
Şəhər Gündəliyinin qəbulundan artıq on il, mənzil məsələsinin əsas
istiqamətlərdən biri olduğu UN-Habitat-ın yaradılmasından isə əlli
il keçməsinə baxmayaraq, mənzilə çıxış hələ də ciddi problem olaraq
qalmaqdadır.

“Söhbət sadəcə çatışmazlıqdan getmir — problem dünyada hər üç
nəfərdən birinə təsir edir. Məhz buna görə bu, qlobal böhrandır.
Bu, həqiqətən də sistemli uğursuzluqdur. Mövcud mənzil sistemləri
hamı üçün işləmir, yeni sistemlərin isə hələ də gücləndirilməsinə
və sabitləşdirilməsinə ehtiyac var.




Mənzilin əlçatanlığı bu problemin əsas ortaq məxrəcidir.
Əvvəllər Qlobal Cənubun struktur problemi hesab edilən məsələ bu
gün həm Qlobal Şimalın şəhərlərinə, həm də sakinlərinə təsir
göstərir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir