
Bakı. Trend:
Xankəndi, Ağdərə və Xocalıya qayıdan ailələrin sayı
açıqlanıb.
Trend xəbər
verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda
WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş
kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən
qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
“İşğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə
857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə ( 4510 nəfər) qayıdıb”, –
o bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

