
Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
suyun təhlükəsizliyinin və sanitar-epidemioloji sabitliyin təmin
olunması istiqamətində genişmiqyaslı dövlət nəzarəti həyata
keçirir.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və
radioloji müayinələr laboratoriyasının həkim-laborantı Lalə
Şirinova səsləndirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti həm içməli su
təchizatına, həm də çimərliklərdə dəniz suyunun monitorinqinə
nəzarəti əhatə edir:
“İçməli suyun laborator monitorinqi ölkə üzrə mərkəzləşdirilmiş
su təchizatı sistemlərindən, su anbarlarından və modul tipli
təmizləyici qurğulardan götürülən nümunələr əsasında aparılır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyaları
Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan
keçirilib. Suyun bakterioloji, sanitar-kimyəvi və toksikoloji
göstəricilərinin müayinəsi AZS ISO/IEC 17025 standartının
tələblərinə uyğun şəkildə, müasir avadanlıqlarla həyata
keçirilir”.
Lalə Şirinova bildirib ki, Mərkəzdə aparılan laborator analizlər
və toksikoloji-gigiyenik müayinələr AZS ISO/IEC 17025 standartına
uyğun icra olunduğundan, əldə edilən nəticələr həm ölkə daxilində,
həm də beynəlxalq səviyyədə etibarlı və rəsmi hesab olunur:
“Məqsədimiz suyun keyfiyyət göstəricilərinin mövcud standartlara
tam uyğunluğunu təmin etməkdir. Hər hansı problem aşkar edildikdə
isə bunun aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat
verilir və müvafiq tədbirlər görülür”.

