
Bakı. Trend:
Xankəndi şəhərində hazırda 24 minə yaxın əhali yaşayır.
Trend xəbər verir ki,
bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində
“Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və
inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təşkil
olunan tədbirdə deyib.
“Hazırda Xankəndidə 25-ə yaxın hotel fəaliyyət göstərir.
Hotellər, restoranlar və istehsalat müəssisələri Xankəndidə
məşğulluğu formalaşdırır”, – o bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

