Mənzillə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır – Anaklaudia Rossbax

Baş səhifə

Bakı.Trend:

Mənzillə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır.

Trend xəbər verir
ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət
planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı
deyib.

“Biz məhz bunu UN-Habitat-ın dəstəyi ilə üzv dövlətlərin mühüm
təşəbbüsü olan mənzil məsələləri üzrə açıq tərkibli işçi qrup
çərçivəsində müzakirə edirdik. Mənzil siyasəti hüquqi islahatlar,
planlaşdırma sahəsində siyasət və islahatlarla inteqrasiya
olunmalıdır”, – deyə o bildirib.

Rossbax qeyd edib ki, torpaq resurslarının səmərəli idarə
olunması və torpaq siyasəti vacibdir.

“Qeyri-rəsmi yaşayış məntəqələri problemi həlli tələb olunan
fövqəladə vəziyyət olaraq qalır. Söhbət qeyri-rəsmi yaşayış
məntəqələrində yaşayan bir milyarddan çox insandan gedir. Biz ərazi
inkişafını nəzərə almalı, məkanın necə təşkil olunduğunu, ikinci
dərəcəli və aralıq şəhərlərin necə inkişaf etdiyini anlamalı,
həmçinin meqapolislərin və iri şəhər aqlomerasiyalarının üzləşdiyi
çağırışların miqyasını dərk etməliyik. Bununla yanaşı, yanaşmamız
kompleks xarakter daşımalı və konkret konteksti nəzərə alaraq
mənzil siyasətini sosial, iqtisadi və iqlim məqsədləri ilə
əlaqələndirməlidir”, – deyə Rossbax əlavə edib.




Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir