Urbanizasiya barədə danışarkən insan faktorunu unutmaq olmaz – Zarina Mirabdullayeva

Baş səhifə

Bakı. Trend:

Könüllülər şəhər icmalarının innovasiya, modernləşmə və
rəqəmsallaşma proseslərinin əsas komponentlərindən biridir.

Trend xəbər
verir ki, bunu “United Nations Volunteers” təşkilatının Avropa və
Mərkəzi Asiya üzrə koordinatoru Zarina Mirabdullayeva Bakıda
keçirilən WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında
bildirib.

Onun sözlərinə görə, belə ciddi forumlar urbanizasiya və
rəqəmsallaşma ilə bağlı qlobal müzakirələr baxımından mühüm
əhəmiyyət daşıyır.

“Biz urbanizasiya və yaşadığımız məkanların rəqəmsallaşması
barədə danışarkən insan faktorunu heç vaxt unutmamalıyıq. Mən də
burada məhz könüllülük haqqında danışmaq üçün iştirak edirəm.
Könüllülər insanlarla yaşadıqları məkanlar arasında ən güclü bağ
yaradan şəxslərdəndir. Müxtəlif tədbirlərdə, təşkilatlarda
insanları ilk qarşılayan da məhz onlar olur. Bakıda bu qədər insanı
bir arada görmək, belə gözəl tədbirin iştirakçısı olmaq mənim üçün
böyük şərəfdir. Forum əsl bayram ab-havası yaradır”, – o
bildirib.




Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir