
Bakı. Trend:
Son 5 ildə Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş
ərazilərə 14 milyard dollara yaxın vəsait xərclənib.
Trend xəbər verir ki,
bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən
sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya
olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə
deyib.
“Özəl investisiyaların da bərpa-quruculuq işlərinə cəlb
olunmasına çalışırıq. Qeyd etdiyim rəqəmlərin əhəmiyyətli qismi
özəl investisiyalardır”, – o bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

