
Bakı. Trend:
Bu gün Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün – şuşalılar
məskunlaşıb. Yaşayış binalarının tikintisi davam edir və gələn il
böyük köçün həyata keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki,
bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
Eyni zamanda, bu il Şuşa rayonunun bərpa və təmir işləri
yekunlaşmaqda olan iki kəndinə – Böyük Qaladərəsi və Kiçik
Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur.
Bundan əlavə, Şuşanın Turşsu qəsəbəsinin layihəsi hazırlanır.
Qəsəbə sıfırdan inşa ediləcək və tikinti işlərinə bu il
başlanılması planlaşdırılır. Ümid edilir ki, gələn il həmin
qəsəbəyə də köç həyata keçiriləcək.
Daşaltı turizm kəndində isə inşaat işlərinə bu yay start
veriləcək. Layihə özəl investisiyalar hesabına, özəl sahibkar
tərəfindən icra olunacaq və burada müasir, möhtəşəm turizm kəndinin
yaradılması nəzərdə tutulur.
Artıq ərazidə tanınmış “Kətirli şəlaləsi” kimi tanınan məkana
gedən piyada turizm yolu da hazırdır və bütün ziyarətçilər şəlaləni
görmək üçün bu marşrutdan istifadə edə bilərlər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

