
Bakı.Trend:
Əlçatan mühit əlilliyi olan şəxslərin təhsil, əmək, səhiyyə və
ictimai həyatda iştirak hüquqlarının təmin olunmasının təməl
şərtidir.
Trend xəbər verir
ki, bunu İordaniyanın əlilliyi olan şəxslərin hüquqlarının
müdafiəsi üzrə “I am Human” cəmiyyətinin prezidenti Asiya Abdel
Mutaleb Yaqhi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil
həyat və inklüziv şəhərlər” tədbirində deyib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslər üçün əlçatanlıq
yalnız texniki standartlar və ya hüquqi tələblər deyil, insan
hüquqlarının həyata keçirilməsinin fundamental şərtidir.
“Əlçatan mühit olmadan təhsil, əmək, səhiyyə və ya mədəni və
ictimai həyatda iştirak hüququndan danışmaq mümkün deyil”, — deyə o
bildirib.
Asiya Yaqhi vurğulayıb ki, şəhərlərin layihələndirilməsi,
yolların, ictimai binaların və nəqliyyat sistemlərinin tikintisi
zamanı bütün insanların, o cümlədən müxtəlif fiziki, sensor və
koqnitiv məhdudiyyətlərə malik şəxslərin ehtiyacları nəzərə
alınmalıdır.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

