
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq
sistemləri təşəbbüslərini dəstəkləyir.
Trend xəbər
verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov
WUF13 çərçivəsində keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim
dayanıqlı şəhərlər” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ictimai maarifləndirmə, yerli səviyyədə
fəlakət risklərinin planlaşdırılması və icra olunması, eləcə də
kommunikasiya sistemlərinin təşkili mühüm əhəmiyyət daşıyır:
“İqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim
dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Ərazi
planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmədə optimallıq
və şəhər infrastrukturunun iqlimə dayanıqlı şəkildə qurulması vacib
amillərdəndir. Tikinti və şəhərsalma fəaliyyətinin hər mərhələsində
ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə
alınır. Təbii fəlakətlərin təsirinin azaldılması və şəhərlərin
ekoloji amillərə dayanıqlılığının artırılması üçün bir sıra vacib
tədbirlər həyata keçirilməlidir. Enerji səmərəli işıqlandırma və
istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun
inkişafı, tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliyi
barədə maarifləndirilməsi, bərpa olunan enerji mənbələrindən
istifadə və “ağıllı şəhər” konsepsiyası əsasında bina və qurğuların
iqlim dayanıqlılığının artırılması istiqamətində FHN tərəfindən
ciddi işlər aparılır. Bütövlükdə erkən xəbərdarlıq sistemlərinin
təşkili və şəhərlərin iqlim dayanıqlılığında birgə əməkdaşlıq
vacibdir”, – o qeyd edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

