Azərbaycan yeni mənzil çağırışları ilə üz-üzədir – Hikmət Hacıyev

Baş səhifə

Bakı.Trend:

Uzun illər ərzində Azərbaycan qonşu ölkənin müharibə və işğalı
ilə üzləşib. Azərbaycanın ərazilərinin 23 faizi işğal olunmuşdu.
Bu, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar
böhranlarından birinə səbəb olmuşdu.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən
“Mənzil qlobal koalisiyaların mərkəzində” adlı panel
müzakirəsində
deyib.

H.Hacıyev qeyd edib ki, həmin dövrdə Azərbaycan bir milyon
qaçqın və məcburi köçkün problemi ilə qarşılaşıb: “Onların hamısı
öz evlərindən, yaşayış şəraitindən və sosial imkanlarından məhrum
olmuşdu.

Həmin dövrdə Azərbaycan ciddi iqtisadi problemlər və inkişaf
çətinlikləri ilə üz-üzə idi. Buna baxmayaraq, hökumət qaçqınlar
üçün çadır şəhərciklərində sığınacaqlar yaratmağa məcbur oldu. Bir
milyon qaçqının yerləşdirilməsi üçün üç yüzdən çox yaşayış
məntəqəsindən istifadə edildi”.

Prezidentin köməkçisi qeyd edib ki, bu mənzil proqramı
Azərbaycanın geosiyasi və münaqişə sonrası urbanizm kontekstində
həyata keçirilirdi: “Hökumət qaçqın və məcburi köçkünlərə
sığınacaq, əlçatan yaşayış şəraiti və əsas xidmətlər təqdim etməyi
öhdəsinə götürmüşdü.

Eyni zamanda, məcburi köçkünlərə müxtəlif dövlət güzəştləri də
təqdim olunurdu. Lakin onların Azərbaycan hökumətindən əsas tələbi
təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq idi.

O dövrdə mövcud şəraiti nəzərə alaraq Azərbaycan hökuməti unikal
addım atdı və qaçqınlar və məcburi köçkünlər üçün 300 min mənzil və
ev tikdi. Məqsəd insanların layiqli şəraitdə yaşamasını təmin etmək
idi.

Çünki hər bir dildə “mənim evim” ifadəsi xüsusi məna daşıyır.
İstər kiçik olsun, istər sadə, insan üçün onun evi onun qalasıdır.
Hər bir insan ailəsi ilə birlikdə təhlükəsiz yaşaya biləcəyi bir
evə sahib olmalıdır”.

O vurğulayıb ki, məcburi köçkünlərin əsas arzusu yenə də öz
doğma torpaqlarına qayıtmaq idi, lakin indi həmin dövr artıq
keçmişdə qalıb. Azərbaycan yeni reallıqlar və yeni mənzil
çağırışları ilə üz-üzədir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir