
Bakı.Trend:
Ənənəvi mənzil maliyyələşdirilməsi kifayət etmir.
Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı:
fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı
deyib.
“Mövcud mənzil maliyyələşdirmə sistemləri açıq-aydın işləmir və
cəmiyyətin bütün təbəqələrinin ehtiyaclarını qarşılamır. Bununla
belə, biz ölkələrin mənzil sahəsində yaradıcı və innovativ
maliyyələşdirmə üsulları hazırladığını görürük.
Bizdə mikromaliyyələşdirmə sahəsində böyük təcrübə var; insanlar
mikrokreditlər vasitəsilə mərhələli şəkildə öz mənzil şəraitlərini
yaxşılaşdırırlar, həmçinin yerli icmaların yığımlarına əsaslanan
mexanizmlərdən istifadə olunur”,- deyə o bildirib.
Rossbax qeyd edib ki, ölkələrin öz milli mənzil maliyyə
sistemlərini inkişaf etdirməsi vacibdir və daxili maliyyə
resurslarının səfərbər edilməsi həlledici əhəmiyyət daşıyır.
O əlavə edib ki, mənzil və iqlim gündəliyi birlikdə
işləməlidir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

