
Bakı. Trend:
Mayın 17-dən başlayaraq Birləşmiş Millətlər Təşkilatının ən
nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən
Azərbaycanın 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş
iştirakçını bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər
sistemində artan nüfuzunun təqdimatıdır. Mayın 22-dək davam edəcək
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və
yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər beynəlxalq
tədbir BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil
edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti
kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma
hesab olunur. Forumun açılış mərasimində, həmçinin bu nüfuzlu
beynəlxalq tədbir çərçivəsində keçirilən Liderlərin Sammitində
səsləndirilən fikirlər Azərbaycanın malik olduğu zəngin şəhərsalma
təcrübəsinin yüksək səviyyədə dəyərləndirildiyini, bu toplantının
uğurlu nəticələrlə yadda qalacağına böyük əminliyin ifadəsi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki
çıxışında böyük əminliklə qeyd etdiyi kimi, Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bu
mühüm məqam da xüsusi vurğulandı ki, qeydiyyatdan keçmiş
iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən
artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl
Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq
tədbirdir.
Son illərdə Azərbaycan və UN-Habitat bir sıra mühüm təşəbbüsləri
birgə həyata keçiriblər. Belə ki, 2022-ci ildə Ağdam şəhərində
1-ci, 2023-cü ildə Zəngilanda 2-ci, 2025-ci ildə isə Xankəndi
şəhərində 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu
tədbirlər Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin,
tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin
beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya
çevrilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma
ilə bağlı ən dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq
platforma rolunu oynayıb. Azərbaycan Milli Şəhərsalma forumlarının
uğurlu nəticələri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının
da yüksək səviyyədə keçirilməsi ilə yanaşı, mühüm nəticələrin əldə
ediləcəyinə böyük əminlik yaratmışdı. Azərbaycanın bu günədək ev
sahibliyi etdiyi hər bir mötəbər beynəlxalq tədbirə yüksək
təşkilatçılıq səviyyəsində hazırlaşması, gündəmə gətirdiyi
mövzuların aktuallığı və günümüzün çağırışları ilə vəhdət təşkil
etməsi ilə diqqətdə olub. Ümumiyyətlə, qlobal problemlərin həllinə
Azərbaycanın verdiyi töhfələr göz qabağındadır. 2024-cü ildə
ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı bir daha bu
reallığı təsdiqlədi ki, qlobal problemlərin həlli beynəlxalq
səviyyədə birgə səylərin göstərilməsini, ümumi yanaşmanın ortaya
qoyulmasını tələb edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya
açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin ev sahibliyi
etdiyi hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun
məlumatların əldə olunmasına geniş imkanlar açır. Bu baxımdan
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da beynəlxalq
əhəmiyyəti ilə diqqətdədir. Prezident İlham Əliyevin çıxışında
bildirdiyi kimi, Bakıda keçirdikləri bu günlər ərzində bir çox
qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı
tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə
daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya
arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim
memarlığımızda da öz təzahürünü tapdığını qeyd etdi. Bildirdi ki,
Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması,
həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə
onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və
memarlıq irsimizi qoruyub saxlayırıq. Şəhərsalma nəinki Bakı üçün,
bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz
gündəlik əsaslarla onun üzərində işləyirik. “Nəinki Bakı, o
cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə
fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm” söyləyən
Prezident İlham Əliyev diqqəti vaxtilə Şirvanşahlar dövlətinin
paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi
Nəsiminin doğulduğu yerə – Şamaxıya yönəldərək burada 743-cü ildə
tikilmiş dünyanın ən qədim məscidlərindən birinin olduğunu
vurğuladı. Bununla yanaşı, bir vaxtlar Atabəylər dövlətinin
paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun
tikdiyi XII əsrə aid Möminə xatun türbəsindən bəhs etdi. Dünyanın
ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər
dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncənin bu gün Bakı
kimi inkişaf etdiyini, tarixi simasını qoruduğunu vurğulayan
Prezident İlham Əliyev, həmçinin Qafqaz Albaniyası dövlətinin
paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı
tarixi abidələrin olduğunu da tədbir iştirakçılarının diqqətinə
çatdırdı. Eyni zamanda, bildirdi ki, 30 il ərzində işğal altında
qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun
zədələnmiş qalası bərpa edilib.
Təbii ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin
çoxəsrlik zəngin keçmişi olduğunu təsdiqləyən xeyli sayda faktları
sadalaya bilərik. Bu da təkzibolunmaz faktdir ki, Azərbaycanda hər
dövrün çağırışlarına uyğun olaraq qabaqcıl yanaşmaları və milli
təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində
şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik
orijinal nümunələri yaradıllb.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövləti belə qlobal
beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha şəhərsalmaya, onun
inkişafına olan diqqətini, yeniliklərə, təkmilləşməyə verdiyi önəmi
nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi
kimi, biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim,
sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq
abidələrimizdə öz əksini tapmaqdadır. Hazırda hökumətin qarşısında
duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun
yenidən qurulması olduğunu qeyd edən Prezident İlham Əliyev
bildirdi ki, bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında
oldu. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə
müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması”
adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər
tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq,
atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə
düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman
binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə
sökülərək dağıdılmışdır.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya
şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Ölkəmizdə səfərdə
olan tədbir iştirakçıları bu reallıqları yaxından görmək imkanı
qazanıblar. Bu gün azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz
hazırda Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində
mərhələ-mərhələ sakinlərinə qovuşur. Onların yüksək həyat
səviyyəsinin təmin edilməsi üçün bu torpaqlarda yaradılan şəraitdən
geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, yalnız
dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli
olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən
artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır.
Onlar işləyir, yaşayır, təhsil alır və məşğulluğun təmin edilməsi
hökumətimizin ən mühüm hədəflərindən biridir.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında
diqqət yönəltdiyi istiqamətlərdən biri ətraf mühit sahəsində
görülən işlər oldu. Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea
Breeze” layihələrindən bəhs edən dövlət başçısı vurğuladı ki, Bakı
hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və
sonra 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcə riayət
edilib. Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və
Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər
üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri
ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız,
onların 20 il öncə və indi necə göründüyünü, Bakıda ətraf mühitə
uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz.
Müasir şəhərsalmanın nümunəsi olan Ağ şəhəri yaratmışıq. Prezident
İlham Əliyev şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea
Breeze”i vurğuladı və qonaqlara sahilyanı zonada yerləşən həmin
yerə baş çəkməyi tövsiyə etdi. Bu rəqəmlər də diqqətə çatdırıldı
ki, son 20 il ərzində Bakıda 100 park və ictimai yer, bağlar
yaradılıb. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata,
mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir
avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər
paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib
hissələri kimi icra olunur.
Bunlar Azərbaycanda şəhərsalma və ətraf mühitin qorunması
istiqamətində görülən işlərin az bir hissəsidir. Dayanıqlı iqtisadi
inkişafa malik olan Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə
diqqətdədir. Daim irəliyə baxmağa, əldə edilən uğurlarla
kifayətlənməməyə çağırışlar edən Azərbaycan hər günü tarixinə mühüm
uğurlar yazmağı hədəfləyir və buna yüksək səviyyədə nail olur. Bu
baxımdan Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına
“Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin
düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı
olar” çağırışını etdi.
Vüqar Rəhimzadə qeyd edib ki, Forum çərçivəsində Prezident İlham
Əliyevin bu və ya digər ölkələrin dövlət və hökumət başçıları ilə
çoxsaylı görüşləri də Azərbaycanın beynəlxalq nüfuzunun
təqdimatıdır. Həmin görüşlərdə, Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyasının açılış mərasimində və Forum çərçivəsində
keçirilən Liderlər Sammitindəki çıxışlarda Prezident İlham Əliyevin
rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsi, eləcə də
işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri yüksək qiymətləndirildi. Bu
məqam da xüsusi vurğulandı ki, Bakı elə bir məkana çevrilib ki,
burada hər kəs gələcəkdən bəhs edir.

