
Bakı. Trend:
Qərarvermə prosesində isə əsas ölçü vahidi maliyyə deyil,
vaxtdır. Yəni “bir manatın geri dönüşü” şəhər sakinlərinin
qazandığı və ya itirdiyi dəqiqələrlə ölçülür: işə, məktəbə və
xəstəxanaya daha az vaxtda çatmaq əsas göstəricidir.
Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın
mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda
tədbirdə deyib.
Nazir xüsusilə vurğulayıb ki, bu yanaşmanı dəstəkləmək üçün Bakı
şəhərinin “rəqəmsal əkizi” (“digital twin”) yaradılıb:
“Mobil operatorlardan, kommunal xidmətlərdən, nəqliyyat
axınlarından və sorğulardan toplanan təxminən 10 milyard məlumat
nöqtəsi əsasında şəhər modelləşdirilib. Bu sistem yeni avtobus
zolaqlarının, svetoforların və velosiped xətlərinin harada
qurulacağını daha dəqiq planlaşdırmağa imkan verir”.
R.Nəbiyev əlavə edib ki, nəticələr artıq özünü göstərməyə
başlayıb:
“Şəhər daxilində avtomobil və taksi ilə edilən səfərlərin payı
50%-dən 40%-ə düşüb və hədəf 2030-cu ilə qədər bu rəqəmi 30%-ə
endirməkdir. Eyni zamanda yol-nəqliyyat qəzaları nəticəsində ölüm
halları 100 min nəfərə düşən 9-dan 7-yə enib və 2030-cu ilə qədər
4-ə endirilməsi planlaşdırılır”.
Nazir əlavə edib ki, bütün bu strategiyanın mərkəzində “20
dəqiqəlik şəhər” konsepti dayanır – yəni vətəndaşların əsas
xidmətlərə 20 dəqiqə ərzində çatdığı şəhər modeli.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

