
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da
Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
Trend xəbər
verir ki, WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki
Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı onun
səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr
aparmaq baxımından da yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən
məmnunluğunu bildirdi.
Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlətimizin başçısına
təşəkkür etdi. Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif
aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna
toxundu.
Bakıya səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət
etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin
təəssürat hissi yaratdığını bildirdi və ölkəsində də bu cür
təcrübənin tətbiqində maraqlı olduğunu vurğuladı.
ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif
dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev
bildirdi ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və
təcrübəsini bölüşməyə hazırdır.
Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda
keçirilməsinin önəmini vurğuladı.
Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil
təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi,
gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş
etdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına
toxunuldu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və
təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu
vurğulandı. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən
bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair
fikir mübadiləsi aparıldı.

