
Bakı. Trend:
Bizim üçün “yaşana bilən şəhər” anlayışı yalnız infrastruktur
deyil, eyni zamanda sosial və iqtisadi mühitin keyfiyyətidir.
Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın
mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda
tədbirdə deyib.
Nazir bildirib ki, buna görə də innovasiya ekosistemini inkişaf
etdirmək və istedadları ölkəyə cəlb etmək üçün bu məsələlərə
kompleks yanaşma vacibdir. Vergi stimulları və digər iqtisadi
alətlər vacib olsa da, təkbaşına kifayət deyil.
“Son dövrlərdə xüsusilə Körfəz ölkələrindən bizneslərini başqa
yerlərə köçürməyi düşünən şirkətlərlə aparılan müzakirələrdə də
əsas mövzu məhz həyat keyfiyyəti məsələsi olub.
Harada işləmək və yerləşmək qərarı verərkən şirkətlər üçün ən
vacib faktor məhz şəhərin yaşana bilənlik səviyyəsidir.
Bizim şəhərimiz və ümumilikdə yanaşmamız bu istiqamətdə
kompleks, sistemli və uzunmüddətli strategiyaya əsaslanır.
Məqsədimiz yalnız regionda deyil, qlobal miqyasda ən yaşana
bilən və ən rahat şəhərlərdən birini formalaşdırmaqdır”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

