
Bakı. Trend:
2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə
yaşayacaq. Urbanizasiya sürətləndikcə iştirakçı idarəetmənin
əhəmiyyəti daha da artır.
Trend xəbər
verir ki, bunu BMT-nin Cənub-Cənub ofisinin rəhbəri Dima Al –
Khatib “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə”
(“WUF13 NGO Forum”) adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, QHT-lər qeyri-rəsmi səviyyədə iqlimə
uyğunlaşma tədbirləri, fəlakətlərə hazırlıq, rəqəmsal inklüzivlik
kimi sahələrdə fəal iştirak edərək yaranan ehtiyacların erkən
müəyyənləşdirilməsinə və inklüziv şəhər siyasətlərinin
formalaşmasına töhfə verirlər:
“Bu baxımdan QHT-lər çox vaxt icmalarla institutlar arasında
etibarlı vasitəçi rolunu oynayır. Onlar həm də diqqətdən kənarda
qalan praktik həlləri üzə çıxarır və gündəmə gətirirlər.
UNESCO və UN-Habitat ilə əməkdaşlıq çərçivəsində biz irsin
qorunması, iqlim tədbirləri, şəhər dayanıqlılığı və bərpa
proseslərinə xüsusi diqqət yetiririk. Eyni zamanda, fəlakət
riskinin azaldılması üzrə təlimlər təşkil olunur. Bu günə qədər 168
ölkədə və minlərlə icmada insanları əhatə edən təlimlər həyata
keçirmişik. QHT-lərin bu ekosistemdə daha da aktiv rol oynamasına
inanırıq. Dayanıqlı şəhərlər inklüzivlik, yerli sahibkarlıq və
qarşılıqlı etimad üzərində qurulur. Şəhərlər dəyişiklik və
innovasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməlidir”, o qeyd
edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

