WUF13 COP29-dan sonra Azərbaycanın növbəti beynəlxalq uğurudur – D8 Baş katibi

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etməsini COP29-dan
sonra ölkənin daha bir mühüm beynəlxalq uğurudur.

Trend xəbər
verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin Yüksək
Səviyyəli Enerji və Urban Dialoqu” adlı tədbirdə D-8 təşkilatının
Baş katibi, səfir Sohail Mahmood bildirib.

O vurğulayıb ki, hazırda dünya misli görünməmiş urbanizasiya
prosesi yaşayır. BMT-nin məlumatına görə, dünya əhalisinin təxminən
56 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 70
faizə çatacağı gözlənilir.

“Şəhərlər qlobal ÜDM-in 80 faizindən çoxunu formalaşdırsa da,
eyni zamanda qlobal enerji istehlakının və enerji ilə bağlı
istixana qazı emissiyalarının təxminən 70 faizinə cavabdehdir.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, şəhər
infrastrukturu, soyutma sistemləri, nəqliyyat və rəqəmsal xidmətlər
üzrə elektrik enerjisinə tələbat 2050-ci ilədək 75 faizdən çox
artacaq”.

S. Mahmood qeyd edib ki, dayanıqlı urbanizasiya və enerji keçidi
artıq ayrı-ayrı siyasət istiqamətləri deyil, bir-biri ilə sıx bağlı
inkişaf prioritetləridir: “D8 ölkələri böyük gənc əhali, strateji
coğrafi mövqe, artan sənaye və texnoloji potensial, həmçinin zəngin
bərpa olunan enerji resurslarına malikdir. Bununla yanaşı, sürətli
urbanizasiya mənzil təminatı, nəqliyyat infrastrukturu, su
təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması və
enerji tələbatı üzərində ciddi təzyiq yaradır.

İnkişaf etməkdə olan ölkələr enerji keçidi və şəhər inkişafı
gündəliklərini uyğunlaşdırmaq üçün güzəştli maliyyəyə, texnologiya
transferinə və beynəlxalq tərəfdaşlıqlara daha geniş çıxış əldə
etməlidir”, – deyə o bildirilib.

O vurğulayıb ki, Bakıda yaradılması nəzərdə tutulan D8 Enerji və
İqlim Mərkəzi siyasət dialoqu, texniki əməkdaşlıq, tədqiqat
mübadiləsi və potensialın gücləndirilməsi üçün regional platforma
rolunu oynaya bilər.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir