Dünyada təxminən 3 milyard insan təhlükəsiz yaşayış şəraitindən məhrumdur – Musadık Masood Malık

Baş səhifə

Bakı.Trend:

Dünya hazırda nanotexnologiya, biotexnologiya, süni zəka və
qlobal bağlantı inqilabları yaşayır. Lakin bütün bunların arxasında
duran əsas qüvvə elektrikləşmə inqilabıdır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin
Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” adlı tədbirdə Pakistan
İslam Respublikasının İqlim Dəyişiklikləri və Ətraf Mühitin
Koordinasiyası üzrə federal naziri Musadık Masood Malık
bildirib.

“Enerji istehsalın, iqtisadi artımın, mobilliyin və insanların
gündəlik həyatının mərkəzində dayanır”.

Pakistan rəsmisi D8 ölkələrinin bərpa olunan enerji baxımından
böyük üstünlüklərə malik olduğunu da diqqətə çatdırb:

“Bu ölkələr günəş, külək və hidroenerji kimi zəngin təbii
resurslara sahibdir və bu potensial düzgün birləşdirilərsə, davamlı
enerji təminatı yaratmaq mümkündür. Biz Marsa kəşfiyyat aparatı
göndərməkdən danışmırıq. Söhbət fermerin, zavod işçisinin normal
həyat yaşamasından gedir. İnsanların damı olan evi, elektrik
enerjisi, məktəbi, kiçik klinikası və təhlükəsiz yaşayış mühiti
olmalıdır”.

Nazir çıxışında qlobal mənzil böhranına da diqqət çəkib:

“Hazırda dünyada təxminən 3 milyard insan təhlükəsiz yaşayış
şəraitindən məhrumdur, 300 milyondan çox insan isə faktiki olaraq
evsizdir”.




Pakistanlı nazir ölkəsində baş verən istilik dalğalarına
toxunaraq qeyd edib ki, 2024-cü ildə ölkənin ən böyük şəhərlərindən
birində temperaturun 48 dərəcəyə çatması nəticəsində bir həftə
ərzində yüzlərlə insan həyatını itirib.

“Yoxsul məhəllələrdə yaşayan insanlar enerji çatışmazlığı və
elektrik kəsintilərindən ən çox zərər görən təbəqədir. Elektrik
enerjisinin kəsilməsi insanları sanki daş dövrünə qaytarır. Enerji
olmadıqda həyat dayanır. Son 10-15 ildə iqlim fəlakətləri
nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan
yaralanıb, milyonlarla insan isə məcburi köçkünə çevrilib.
Urbanizasiya və enerji siyasətləri hazırlanarkən əsas sual
unudulmamalıdır”.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir