
Bakı. Trend:
100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasında (GES)
tikinti işlərinin 90%-i başa çatıb.
Bunu WUF13 çərçivəsində Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev deyib.
Onun sözlərinə görə, stansiyanın 2027-ci ildə istismara
verilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında Azərbaycan
Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC
(“Universal Energy Co., Ltd.” şirkətinin Azərbaycandakı törəmə
müəssisəsi) arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş
elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi
Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” MMC tərəfindən
imzalanıb. Ötən ilin sonunda isə stansiyanın inşası çərçivəsində
ilk panel quraşdırılıb. 2027-ci ildə istismara verilməsi nəzərdə
tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik
enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr
həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon
emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

