
Bakı.Trend:
Son günlər ərzində yüksək səviyyədə iştirakçılıq, fəallıq və
fikir mübadiləsinin şahidi olduq ki, bu da şübhəsiz, bütün
iştirakçılar üçün faydalı olacaq.
Trend xəbər verir
ki, bu fikirləri Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin
tikinti, logistika, hava limanları və su resursları üzrə direktor
müavini Ferqus Harradens Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Ağ Şəhər pavilyonu
tərəfindən təşkil olunan çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən və peşə
sahələrindən olan nümayəndələr arasında təcrübə mübadiləsi üçün
unikal platformaya çevrilib.
“Resursların idarə olunması, qarşılıqlı əlaqəlilik, dayanıqlı
şəhər inkişafı və təbii məskənlərin planlaşdırma və
layihələndirməyə inteqrasiyası kimi qlobal məsələləri müzakirə
etmək üçün müxtəlif ölkələrdən və peşə sahələrindən olan insanların
bir araya gəlməsini görmək sevindiricidir”, – deyə Harradens qeyd
edib.
Böyük Britaniya nümayəndəsinin fikrincə, belə beynəlxalq
forumlar şəhərlərin inkişafı üzrə səmərəli strategiyaların
formalaşdırılmasında və müxtəlif ölkələrdən olan siyasətçilər,
memarlar və urbanistlər arasında əməkdaşlığın gücləndirilməsində
mühüm rol oynayır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

