Kanada evsizlik probleminin həllini qlobal prioritet kimi nəzərdən keçirməyə çağırır

Baş səhifə

Bakı.Trend:

Evsizlik probleminin həlli qlobal prioritetlərdən biri kimi
nəzərdən keçirilməli və ölkə liderlərinin bəyannamələrində, eləcə
də aidiyyəti nazirliklərin fəaliyyətində öz əksini tapmalıdır.
Bununla yanaşı, mənzil sahəsində ehtiyacların qiymətləndirilməsi və
irəliləyişin monitorinqi üçün vahid yanaşmalardan istifadə
edilməlidir.

Trend xəbər verir
ki, bunu Kanadanın Mənzil Tikintisi, İnfrastruktur və İcmalar
Nazirliyində nazir müavininin köməkçisi Bakıda keçirilən Ümumdünya
Şəhərsalma Forumu çərçivəsində baş tutan “Mənzil – qlobal
koalisiyaların mərkəzində” adlı sessiyada deyib.

Onun sözlərinə görə, mənzil məsələlərinin infrastruktur, maliyyə
və dayanıqlılıq forumlarının gündəliyinə daxil edilməsi daha
əlaqələndirilmiş və uzunmüddətli fəaliyyətlərin təmin olunmasına
imkan verəcək.

O, həmçinin vahid indikatorların və hesabatlılıq sistemlərinin
hazırlanmasının vacibliyini vurğulayıb. Buraya UN-Habitat
tərəfindən evsizliyin müəyyənləşdirilməsi və ölçülməsi üzrə
təşəbbüslər də daxildir ki, bu da qlobal hesabatlılığı
gücləndirəcək.

Kanada nümayəndəsi qeyd edib ki, ölkəsinin təcrübəsi mənzil
ehtiyacının dəqiq müəyyənləşdirilməsinin effektivliyini göstərir.
Bu yanaşma əlçatmaz, həddindən artıq sıx məskunlaşmış və ya yaşayış
üçün yararsız mənzillərlə üzləşən ev təsərrüfatlarını müəyyən
etməyə və Birləşmiş Millətlər Təşkilatınin Dayanıqlı İnkişaf
Məqsədlərinin 11-ci məqsədinə uyğun olaraq daha dəqiq siyasət
formalaşdırmağa imkan verir.




“Kanadanın evsizlik probleminin həlli üzrə yanaşması digər
ölkələrdə də tətbiq oluna bilər. Federal “Reaching Home” proqramı
çərçivəsində məlumatlara əsaslanan, icma yönümlü və “Housing First”
tipli yanaşmalar həyata keçirilir. Eyni zamanda, evsizlər üçün
xidmətlərə koordinasiyalı çıxış təmin edilir ki, bu da yardımın
“giriş nöqtəsindən” asılı olmayaraq göstərilməsinə imkan yaradır.
Evsizliyin əsas səbəbi təhlükəsiz, əlçatan və keyfiyyətli mənzil
çatışmazlığı olaraq qalır”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir