
Bakı.Trend:
Avropa Komissiyası əlçatan mənzil üzrə ilk Avropa planını
hazırlayır və onun həyata keçirilməsi üçün maliyyə alətlərini
genişləndirir. Bu çərçivədə investisiya platformaları, qrant və
kreditlərin qarışıq maliyyələşdirilməsi, eləcə də özəl kapitalın
cəlb edilməsi üçün mənzil istiqrazlarının buraxılması nəzərdə
tutulur.
Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının mənzil siyasəti üzrə işçi
qrupuna rəhbərlik edən baş direktor müavini Metyu Robert Bolduin
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü
sessiyası çərçivəsində baş tutan “Mənzil – qlobal koalisiyaların
mərkəzində” adlı sessiyada bildirib.
“Əlçatan mənzil siyasəti G7, G20 və G77 gündəliklərində əsas yer
tutmalıdır. Çünki əlçatan mənzil çatışmazlığı əmək bazarlarına,
iqtisadi artıma və demoqrafik proseslərə birbaşa təsir göstərir”, –
deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
O qeyd edib ki, əlçatan mənzil çatışmazlığı işçilərin işə cəlb
olunması imkanlarını məhdudlaşdıran amilə çevrilir, çünki insanlar
iş yerlərinin yerləşdiyi ərazilərdə yaşaya bilmirlər. Bolduinin
sözlərinə görə, bu vəziyyət artıq təkcə sosial sahəyə deyil,
iqtisadiyyatın rəqabət qabiliyyətinə də təsir edir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

